17–20 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” uğurla başa çatıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı, “Birbank Biznes”in rəsmi tərəfdaşlığı ilə təşkil olunan tədbir dörd gün ərzində yerli sahibkarları, dövlət qurumlarını və biznes nümayəndələrini bir araya gətirib.
Sərgidə inşaat, informasiya texnologiyaları, təhsil, qida sənayesi, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş etdirib. Minlərlə ziyarətçi sərgi boyunca yerli istehsalçılar və xidmət təminatçıları ilə yaxından tanış olmaq, yeni əməkdaşlıq imkanlarını dəyərləndirmək imkanı əldə edib.

Tədbirin əsas məqsədi Azərbaycan şirkətlərinin tanıdılması, onların yeni bazarlara çıxışına dəstək göstərilməsi, yerli məhsul və xidmətlərin təşviqi, eləcə də sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi olub. Bu istiqamətdə sərgi biznes nümayəndələri üçün mühüm görüş platformasına çevrilib.
Bu il sərgidə ilk dəfə təşkil olunan B2B və B2G zonaları iştirakçıların xüsusi marağına səbəb olub. B2B zonasında şirkətlər iri müəssisələrin satınalma və təchizat üzrə nümayəndələri ilə birbaşa görüşlər keçirərək yeni əməkdaşlıqların təməlini qoyublar. B2G zonasında isə sahibkarlar dövlət qurumlarının nümayəndələri ilə görüşərək mövcud dəstək mexanizmləri, dövlət proqramları və gələcək əməkdaşlıq imkanları barədə ətraflı məlumat əldə ediblər.

Sərgi çərçivəsində müxtəlif dövlət qurumlarının, biznes assosiasiyalarının, ictimai təşkilatların nümayəndələri və xarici qonaqlar da iştirak edərək yerli şirkətlərin stendlərini ziyarət ediblər. Bu görüşlər yeni tərəfdaşlıqların qurulmasına, biznes əlaqələrinin genişlənməsinə və yerli şirkətlərin daha geniş auditoriyaya tanıdılmasına mühüm töhfə verib.

Yeddi ildir keçirilən “Yerli Şirkətlərin Tanıtım Sərgisi” artıq Azərbaycanın biznes mühitində ən əhəmiyyətli tədbirlərdən biri kimi formalaşıb. Sərgi hər il yüzlərlə şirkəti, dövlət qurumunu və sahibkarı eyni platformada bir araya gətirərək yerli biznesin inkişafına, yeni əməkdaşlıqların qurulmasına və iqtisadi əlaqələrin güclənməsinə dəstək verməyə davam edir. Gələcək illərdə də bu platformanın sahibkarlar üçün yeni imkanlar yaradacağı və ölkədə biznes ekosisteminin inkişafına mühüm töhfələr verəcəyi gözlənilir.